Kredit götürən şəxslərin həyat sığortası

Kredit götürən şəxslərin həyat sığortası kredit alan şəxs üçün çox əlverişlidir. Son illər Azərbaycanda kredit bazarının sürətli inkişaf etməsi ölkədə kredit götürən şəxslərin də sayının artması ilə nəticələnib. Rəsmi məlumatlara görə, ölkə əhalinin az qala yarısının banklara kredit borcu var. Bu kreditlərin bir hissəsi uzun müddətə – 5-20 illiyə verilib. Bir qayda olaraq müştərilər belə kredit götürəndə bir poblem çıxmayacağına və borclarını ödəyəcəyinə əmin olurlar. Amma həyatın öz sürprizləri var. Müştərinin başına hər hansı bədbəxt hadisə gələrsə, krediti onun yaxınları və ailəsi ödəməli olacaq.

Belə vəziyyətin yaranmaması üçün kredit götürən həyat sığortasından istifadə edilir. Bu sığorta belə işləyir – bankdan kredit alan şəxs həyatını kreditin məbləğinə uyğun sığortalayır. Bundan sonra bir hadisə baş verərsə, məsələn müştəri vəfat edərsə, bankın kreditini sığorta şirkəti ödəyir.

Misal olaraq “PAŞA Həyat” şirkəti 2016-cı ildə kredit götürən şəxslərin həyat sığortası növü üzrə 1,306 min manatdan çox sığorta ödənişi verib. Təkcə, cari ilin yanvar ayında şirkət tərəfindən bu sığorta növü üzrə ödənilən vəsaitlərin həcmi 56,404 min manat təşkil edib.

Daha çox kimə lazımdır – banka, yoxsa müştəriyə?

bank-2Təsəvvür edin, kreditlə mənzil alınıb, mənzilin özü girov qoyulub və ailə başçısı krediti ödəyir. Onun başına bir hadisə gələrsə, ailə nəinki gəlir mənbəyini itirir, həmçinin indiyədək krediti qaytarılan evindən də məhrum olur. Çünki kredit yarımçıq qaldığından bank evi müştərinin ailəsindən almalıdır.

Həyat sığortasında isə belə problem yaşanmır – sığorta şirkəti dərhal kreditin qalığını banka ödəyir. Bu sistem bütün növ kreditlərdə (istehlak, avtomobil, biznes, ipoteka və s.) işləyir.

Bəs həyatı hansı məbləğə sığortalamaq lazımdır?

Krediti olan şəxslərin həyat sığortasında bu sual yaranmır – müştərinin həyatı onun kreditinin məbləğinə uyğun sığortalanır. Adi həyat sığortasında isə məbləği müştəri müəyyən edir. Sığorta şirkətinin nümayəndələri tövsiyə edirlər ki, müşəri təminat məbləğini hesablayarkən ödəməli olduğu kredit və borcları, ailənin aylıq maddi ehtiyacını, eləcə də digər xərcləri, məsələn, uşağın təhsili üçün olan illik ehtiyacı və.s kimi şərtləri nəzərə almalıdır.

Sığorta haqqının və təminatın məbləğini nəzərə alanda kifayət qədər sərfəli şərtlərdir. Məsələn, 30 yaşında bir kişi illik cəmi 219 AZN ödəməklə 25 000 AZN məbləğində təminat ala bilər. Üstəlik bu məbləği il ərzində 4 dəfəyə ödəmək imkanı da var.

Həyatımızı sığortalamaq baha deyil

Qarşılaşdığı riskə baxanda bu sığorta məhsulu üçün sığorta haqqı elə də böyük deyil. Məsələn, 45 min manatlıq ipoteka krediti olan üçün illik sığorta haqqı 220 manatdır. Məbləği birdən ödəmək vacib deyil, onu aybaay da ödəmək olar. Müştərinin yaşı artdıqca riskləri də artır, ona görə də, yaşlı adamlarda sığorta haqqı daha yüksək olur. Məsələn, 25 yaşlı şəxs 50 min manat kredit üçün sığortalanırsa ildə 176 manat ödəməli olduğu halda, 35 yaşı olan həmin məbləğdə kreditə görə, artıq 270 manat sığorta haqqı ödəməlidir.

Sığorta haqqı istənilən səbəbdən ölüm, bədbəxt hadisə zamanı işə düşür. Müştəri istəsə bura əmək qabiliyyətinin itirilməsini də əlavə edə bilər. Yəni müştəri vəfat etməsə də, əgər I qrup əlil olursa, sığorta şirkəti onun kreditini ödəyir. Buraya II qrup əlilliyi də əlavə etmək olar. Amma II qrup əlil olsa, kreditin 100%-i yox, 50%-i ödənilir.

Kredit götürərkən yaxınlarınızı fikirləşirsinizsə – həyat sığortası sizin vacib seçiminiz olmalıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir